Növbəti olimpiya lisenziyasının bir addımlığında!
İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə yekun olimpiya təsnifat reqatasında Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet finala yüksəlib. 2-nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə yürüşün yarımfinalında cütlüyümüz finişə 6 dəqiqə 21,03 saniyəyə çatıb.

ABŞ təmsilçisi Samuel Stitt – Uorren Anderson dueti də bu məsafəni eyni müddətə qət edib. Lakin fotofinişin görüntülərinə əsasən, Aleksandrov – Yotov cütlüyünün finiş xəttini birinci keçdiyi müəyyənləşib. Bu iki duetlə yanaşı, 6 dəqiqə 22,26 saniyə nəticə ilə 3-cü yeri tutan çinli Riokian Yin – Vey Kanq, həmçinin digər yarımfinalda ilk “3-lüy”ə düşən italiyalı Alessio Sartori – Romano Battisti (6:20.12), latviyalı Lauris Sire – Dairis Adamatis (6:21.63) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:24.38) cütlükləri də həlledici yürüşdə iştirak hüququna yiyələnib. Final yürüşü mayın 23-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Yekun olimpiya təsnifat reqatasında Azərbaycanın qadınlardan ibarət İskra Angelova – Viktoriya Nençeva dueti isə finala yüksələ bilməyib. 2-nəfərlik təkavarlı qayıqla mübarizə aparan cütlüyümüz təsəlli yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 16,50 saniyəyə qət edib. Bu nəticə ilə onlar finişə 4-cü çatıblar. Finala isə ilk 2 yeri tutmuş kanadalı Natali Mastraççi – Larissa Laqzdins (7:08.74) və belaruslu Yuliya Bıçik – Natalya Gelax (7:10.85) duetləri yüksəliblər.

Qeyd edək ki, Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda ilk 2 yerdən birini tutarsa, London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Aleksandrov hələ ötənilki dünya çempionatında 1-nəfərlik qayıqla yürüşdə olimpiya vəsiqəsini əldə edib. İndi isə o, 16 yaşlı Boris Yotovla birgə bu hüquqa yiyələnməyə çox yaxındır.

Xəbər 1258 dəfə oxundu.