Otüstü hokkey klublarımız Avrokuboklara yollanır
Ötüstü hokkey klublarımız bu il qitəmiqyaslı turnirlərin startına aprelin birinci 10 günlüyündə çıxıblar. Azərbaycan Otüstü Hokkey Federasiyasından idman.com.az saytına verilən məlumata görə, Bakının qadınlardan ibarət “Atasport” klubu Avropa Çempionlar Kuboku uğrunda turnirdə qitənin 12 ən güclüsü sırasında mübarizə aparsa da, təmsilçimiz yekunda İspaniyada təşkil olunan yarışda yalnız elitadakı yerini mühafizə etmək vəzifəsi ilə kifayətlənib. Daha 3 klubumuz isə Avropa Klub Çempionatının startına bir-neçə gündən sonra- mayın 25-də çıxacaq. Paytaxtın kişilərdən ibarət “Atasport” və “Akkord”, eləcə də qadınlardan ibarət “Bakı” klubları qitənin müxtəlif ölkələrində mübarizə aparacaqlar.

Qadınlardan ibarət “Bakı”komandası qitəmiqyaslı “Çelenc II” turnirində yarışacaq. Avstriyanın Vyana şəhərində təşkil olunan həmin turnirdə “A” qrupunda yer alan qadın hokkeyçilərimiz mayın 25-də - start oyununda “Svansea” (Uels) klubu ilə qarşılaşacaq. Bir gün sonra hokkeyçilərimizin rəqibi Bolqarıstanın NSA komandası olacaq. Həmyerlilərimiz ilkin qrup mərhələsində son görüşlərini mayın 27-də Avstriyanın "Arminen" klubuna qarşı keçirəcəklər. Mayın 28-də isə "A" və "B" qruplarının iştirakçıları tutduqlara yerlərə müvafiq “çarpaz” üsulla görüşərək yekun nəticəni müəyyənləşdirəcəklər.

Kişilərdən ibarət “Atasport” klubu da Avropa Çempionlar Kuboku turnirinin “Çelenc II” turnirində yarışacaq. Yunanıstanın paytaxtı Afina şəhərində ”B” qrupunda yer alan Azərbaycan təmsilçisi cümə günü “Pliva Lipovçi” (Sloveniya), ertəsi gün “Slagels”(Danimarka) və ilkin mərhələnin sonuncu günü- mayın 27-də isə Cəbəllütariqin “Grammarians” klubları ilə qarşılaşacaq. Bazar ertəsi günü komandalar qruplarda tutduqları yerlərə müvafiq olaraq “çarpaz” üsulla qarşılaşaraq bütün məsələlərə aydınlıq gətirəcəklər.

Ötən il Slovakiya paytaxtı Bratislavda “Çelenc IV” Klub Çempionatında debüt edən “Akkord” komandası bütün rəqiblərini məğlub edərək, bu ildən “Çelenc III” divizyonunda mübarizə aparmaq hüququ qazanmaqla tarixi qələbəyə imza atmışdı. Maraqlıdır ki, Azərbaycan çempionu bu il də qitəmiqyaslı kubok yarışını Bratislava şəhərində keçirəcək. “Akkord”un “B” qrupundakı rəqibləri Slovakiyanın “Senkviçe(25 may), ”Türkiyənin “Qaziantep Polisgücü”(26 may) və Bolqarıstanın “Lokomotiv Sofiya)”(27 may) komandaları olacaq. Bir gün sonra Azərbaycanın şirkət təmsilçisi qrupda tutduğu yerə müvafiq “çarpaz” üsulla digər qrupun nümayəndəsi ilə qarşılaşacaq: 4A-3B, 3A-4B, 2A-1B, 1A- 2B. Bu oyunlardan sonra kimin yüksək divizyona keçməsinə aydınlıq gətiriləcək.

Xəbər 1367 dəfə oxundu.