“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinə yekun vurulub.

Son turun oyunları Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib.

4 komandanın aktivində olan 3 xal beynəlxalq turnirin gərginliyindən xəbər verirdi. İlk oyunda meydana “Rekord” və “Qaraqalpaqıstan” komandaları çıxıb. Özbəkistan təmsilçisi ilk iki turda məğlub olsa da, sonradan qazandığı qələbə sayəsində mükafatçılar sırasına düşmək şansını finala kimi saxlayıb.

Azərbaycan klubunun isə gözlənilmədən son turda “Qarabağ”ı məğlub etməsi turnirə olan marağı xeyli artırıb. Odur ki, hər iki komanda oyuna sürətli hücumlarla başlayıb. Daha üstün oyun sərgiləyən “Qaraqalpaqıstan” komandası rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkməyib və görüş 6:0 hesablı qələbə ilə başa çatıb.

Günün ikinci qarşılaşmasından öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Meydana çıxan “Araz-Naxçıvan” və “Qarabağ” komandaları ilk hissədə bir neçə imkandan yararlana bilməyiblər. Hətta Naxçıvan klubu 28-ci dəqiqədə rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilməyib. Bu epizodda qapıçının sərgilədiyi oyun azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

İkinci hissədə isə “Qarabağ” hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, oyunda vurulan tək qol olub. Həmin qələbə sayəsində “Qarabağ” aktivindəki xalların sayını 6-ya yüksəldib və fərdi oyunlara görə turnir cədvəlinin ikinci pilləsində yer alıb.

Turnirin yekun nəticəsinə gəlincə, Özbəkistan Respublikasının “Əndican” komandası 12 xalla ilk dəfə təşkil olunan “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinin qalibi olub. 6 xal toplayan Azərbaycanın “Qarabağ” komandası gümüş, digər özbək təmsilçisi “Qaraqalpaqıstan” komandası isə bürünc medal qazanıb.

Beynəlxalq turnirin ən məhsuldar futbolçusu adına “Qaraqalpaqıstan” komandasının hücumçusu Makset Kalbayev layiq görülüb. Ən yaxşı futbolçu nominasiyasının qalibi isə “Əndican” komandasının təmsilçisi Oktam Abdulmalikov seçilib. Oyunları idarə edən hakimlər təşkilatçılar tərəfindən plaketlərlə təltif olunublar. AFFA nümayəndəsinə isə təşəkkürnamə təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov və “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Yusifov təqdim ediblər. Qalib komandalara medal və kubok, eyni zamanda, nominasiyanın qalibi olan futbolçulara “Naxtel”in xüsusi hədiyyələri verilib.

Turnirdə iştirak edən bütün futbolçular isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Futbol Federasiyasının hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 569 dəfə oxundu.