Andre Meyer: “Lokomotiv” voleybolun inkişafına sərmayə sərf edib
“Komandaların sayını artırılması, bu turnirə marağı bir daha göstərir”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer deyib. Çempionlar Liqasının 2012/2013 mövsümündə komandaların sayının 24-ə çatdırılmasına münasibət bildirən CEV rəhbərinin sözünə görə, bu qitədə voleybolun inkişafının bariz nümunəsidir:

“Biz kişi komandalarının da sayını 28-ə çatdırdıq. Qadınlarda isə ötən il 20 komanda idi ki, bu dəfə onların sayı 24-ə qalxdı. Biz bununla fəxr edə bilərik. Payızda başlayacaq yarışda maraq saxlanılacaq”.

CEV-in rəsmi saytı Azərbaycana 2 “wild card” verilməsinin səbəbini də açıqlayıb. Onlar bildiriblər ki, “Lokomotiv”in Çellenc kubokunun qalibi olmağı və voleybolun inkişafına sərf etdiyi sərmayə nəzərə alınaraq, onun Çempionlar Liqasında debüt etməsinə imkan yaradılıb. Digər 2 debütant - son mövsümdə CEV kubokunu qazanan İtaliya “Yamamay”ı və onlara finalda uduzan “Qalatasaray”ın uğurlarına görə belə haqqa yiyələniblər.

Qeyd edək ki, yeni mövsümdə qitənin ən möhtəşəm yarışında “Rabitə” Azərbaycan çempionu olduğu üçün, “Azərreyl” və “Lokomotiv” isə “wild card”la oynayacaq.

Xəbər 2635 dəfə oxundu.