Şərurda keçirilən beynəlxalq turnirdə ikinci turun oyunları başa çatıb
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində ikinci turun oyunları başa çatıb.

Əvvəlcə meydana Özbəkistanın “Əndican” və Azərbaycanın “Rekord” komandaları çıxıb. Daha üstün oyun sərgiləyən özbək təmsilçisi meydanı 7:2 hesablı qələbə ilə tərk edib.

Günün ikinci görüşündə “Qarabağ” Özbəkistan təmsilçisi “Qaraqalpaqıstan” komandasını sınağa çəkib. Oyunda hesabı açan özbək komandası olsa da, sonda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:1.

Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirilən beynəlxalq turnirdə bu gün azarkeşlər III turun oyunlarına şahidlik edəcəklər. Belə ki, 11:00-da başlayacaq görüşdə meydana “Əndican” və “Qarabağ” komandaları çıxacaq. Saat 13:00-da isə “Araz-Naxçıvan” “Qaraqalpaqıstan” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirə oktyabr ayının 18-də yekun vurulacaq.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları oyunlardan sonra baş məşqçilərin fikirlərini öyrəniblər. Turnirin təşkilatçılarına minnətdarlığını bildirən “Əndican” komandasının baş məşqçisi Şahruh İşanov Maratoviç deyib: “Burada bizi çox gözəl qarşıladılar və özümüzü evimizdəki kimi hiss edirik. Turnirə dəvət aldıqda çox sevindik. Bura gəlmək, yerli sakinlərlə tanış olmaq və futbolçular arasında münasibət qurmaq bizlər üçün xoşdur. Turnirin təşkilatçılığı yüksək səviyyədədir. Komandamız kompleksdə yerləşib və idmançılarımızın qidalanması, onların məşq etməsi üçün hər bir şərait yaradılıb. Artıq iki görüşdə meydanı qələbə ilə tərk etmişik. Turnirin qalibi olub qazanacağımız kuboku Naxçıvandan xatirə saxlamaq istəyirik. Digər tərəfdən, qazancımız yeni dostlardır. Qarşıdakı illərdə təşkil edəcəyimiz turnirlərə Naxçıvan komandasını da mütləq dəvət edəcəyik. Bu dostluq ənənələrini davam etdirmək istəyirik”.

Təşkilatçılığı yüksək qiymətləndirən “Rekord” komandasının baş məşqçisi Mostafa Qaraxani turnirin əhəmiyyətindən, Naxçıvan təəssüratlarından danışıb: “Düzdür, komandamız turnirdə qələbə qazanmayıb, buna baxmayaraq, biz burada daha çox təcrübə toplayırıq. Naxçıvanı gəzdim, çox gözəl təbiəti və gözəl şəhəriniz var. İstər qaldığımız oteldə, istərsə də gəzdiyimiz hər yerdə insanlar bizim qonaq olduğumuzu bilib ünsiyyət qurur, turnir barədə fikirlərimizi öyrənirlər. Təşkil ediləcək növbəti turnirdə böyük məmnuniyyətlə iştirak edəcəyik. Bizə göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Xəbər 743 dəfə oxundu.