Çempionlar Liqasında 3 Azərbaycan klubu!
Azərbaycan növbəti ildən Çempionlar Liqasında 3 klubla mübarizə aparacaq. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Avropa Voleybol Konfederasiyası ölkəmizə ötən illə müqayisədə bu dəfə 2 uayld kart verib.

Belə ki, 2012/13 mövsümündə Çempionlar Liqasında Azərbaycanı təmsil etmək üçün ölkəmizə 1 yer ayrılıb. Həmin vəsiqənin sahibi olan son dünya çempionu “Rabitə” ardıcıl üçüncü dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılacaq.

Super Liqanın yekununa əsasən, “wild card”ların sahibi “Lokomotiv” və “Bakı” olmalıdır. Lakin bürünc mükafatçı olan paytaxtın eyniadlı təmsilçisi CEV kubokunda oynamağa üstünlük verdiyindən, onları “Azərreyl” əvəzləyəcək. Bu, onların qitənin ən möhtəşəm turnirinin daimi iştirakçısı olması ilə də bağlıdır. Çünki “dəmiryolçular” həmişə analoji yarışda liderlərdən sayılıblar və 1 dəfə “Dördlər finalı”nın iştirakçıları olublar.

Bu, Azərbaycan tarixində ilkdir. Ötən mövsüm avrokuboklara 5 klubla qatılaraq, yeni rekord müəyyənləşdirən ölkəmiz Çempionlar Liqasına da 3 klubla yollanmaqla, voleybol tariximizdə yeni səhifə açıb.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin püşkü iyunun 29-da atılacaq. Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri müəyyənləşəcək.

Xəbər 1105 dəfə oxundu.