Azərbaycan badmintonçuları “Bahrain International Series” turnirində iştirak ediblər
Azərbaycan badmintonçuları Bəhreynin Madinat-İsa şəhərində keçirilən “Bahrain International Series” turnirində çıxış ediblər.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil ediblər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gəlib. Badmintonçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib. Dviçayo səkkizdəbir finalda yarışın qalibi hindistanlı Priyanşu Rajavat ilə görüşüb. Badmintonçumuz bu mərhələdə rəqibini üstələyə bilməyərək turnirdə mübarizəni dayandırıb.

Digər badmintonçumuz E.Qovımuramadhoni isə hindistanlı Jaşvant Dandu ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz rəqibinə uduzub.

Əlli beş badmintonçunun iştirak etdiyi yarışın mükafat fondu 10 min dollar təşkil edib.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə ötən il E.R.Dviçayo qızıl, E.Qovımuramadhoni isə bürünc medal qazanıblar.

Xəbər 812 dəfə oxundu.