İki idman gimnastımız "Tokio - 2020"yə lisenziya qazanıb
Gimnastlarımız 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına daha 2 lisenziya qazanıb.

Bu uğura millimiz oktyabrın 4-dən 13-dək Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında imza atıblar.

Belə ki, qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində uğurla çıxış edərək Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq. Dünya Çempionatında həmçinin kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Murad Ağarzayev və Nikita Simonov da iştirak ediblər.

Xəbər 760 dəfə oxundu.