Bakının namizədliyi bu həftə təsdiqlənə bilər
Bakı-2020 nümayəndə heyəti namizəd şəhərlərin seçiləcəyi Kvebek toplantısına yola düşüb
Bakı-2020 Təşkilat Komitəsinin yüksək səviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşüb. Həmin tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçilməsini elan edəcək.
Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini, Bakı-2020 Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildir.
Kanadaya səfər ərəfəsində gənclər və idman naziri Azad Rəhimov bunları deyib: “Biz çox ümid edirik ki, 2020-ci il Olilmpiya Oyunlarına ev sahibliyi üçün rəsmi namizəd şəhər stasunu alacağıq. Biz Beynəlxalq Olimpiya Komitəsinə güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanan sifariş kitabını təqdim etmişik. Təqdim etdiyimiz kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunub. Biz öz namizədliyimizlə Olimpiya Oyunlarının idmana, əhalinin sağlam həyat tərzinin və yaşayış keyfiyyətinin inkişafına yönəlmiş ciddi sərmayə olacağını və həmçinin, gələcəkdə Oyunların səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik.”
Nazir həmçinin bildirib ki, Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatına sırf idman tələbatına əsaslanan oyunların təşkili modelini təklif edir. Bu o deməkdir ki, bizim sifariş kitabımızda əks olunan olimpiya infrastrukturuna əsasən bütün idman müəssisələri Olimpiya Oyunlarından sonra da həm ölkəmizin, həm də, regionumuzun idmançılarının istifadəsində olacaq. Bizim təklif etdiyimiz model əslində Olimpiya Oyunlarına gələcək ev sahibləri üçün real və səmərəli investisiya nümunəsidir.
Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva isə qeyd edib ki, Bakı idman üçün ideal iqlim şəraitinə, gözəl dənizkənarı buxtaya və zəngin tarixə malikdir. Hazırda bir sıra ölkələrin ciddi maliyyə böhranı ilə üzləşməsinə baxmayaraq, Azərbaycan dünyada ən stabil və sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Bakı-2020 namizədliyinin müsbət cəhətlərini görməmək mümkün deyil. Oyunlardan sonra Azərbaycana qalacaq idman mirası bir neçə nəsil idmançıların inkişafına böyük təkan verəcək. Bizim Olimpiya Oyunlarına iddiamız Azərbaycanda hamı tərəfindən dəstəklənir və Kvebekdə toplanan beynəlxalq idman ictimiyyətinə xalqımızın ümid və arzularını çatdıracaq. Ümid edirik ki, son yeddi ay ərzində bu məqsədlə gördüyümüz işlərin nəticəsi müsbət olacaq və 2020 Oyunlarına ev sahibliyi mübarizəsində Bakı növbəti mərhələyə keçəcək.

Xəbər 1153 dəfə oxundu.