Badmintonçumuz “Bahrain International Series” turnirində növbəti mərhələyə yüksəlib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bəhreynin Madinat-İsa şəhərində keçirilən "Bahrain International Series" turnirində növbəti mərhələyə yüksəlib.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.R.Dviçayo hindistanlı Nikhit Laxmanla üz-üzə gəlib. Badmintonçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib. Dviçayonun səkkizdəbir finalda rəqibi hindistanlı Priyanşu Rajavat olacaq.

Digər badmintonçumuz E.Qovımuramadhoni isə hindistanlı Jaşvant Dandu duelinin qalibi ilə qarşılaşıb. Gərgin keçən görüşdə idmançımız rəqibinə uduzub.

Oktyabrın 13-də başa çatacaq turnirə 55 badmintonçu dəvət olunub. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən adıçəkilən turnirdə ötən il E.R.Dvicayo qızıl, E.Qovımuramadhoni isə bürünc medal qazanıb.

Xəbər 779 dəfə oxundu.