Naxçıvanda ilk futzal liqası keçirilir
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında futzal liqasına start verilib.

Beynəlxalq futzal qaydalarına uyğun olaraq keçirilən liqada 23 komanda mübarizə aparır. İki dövrəlik futzal liqası 46 turdan ibarətdir. 599 görüşün keçiriləcəyi liqada komandalar hər qələbəyə görə aktivinə 3, bərabərliyə görə isə 1 xal əlavə etdirəcək. Hər tur 11 oyundan ibarət olacaq. Oyunlar haqqında hər hansı qərar Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən qəbul ediləcək.

Artıq futzal liqasının püşkatma mərasimi keçirilib. Dünən isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində liqanın açılış görüşü olub. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu gün muxtar respublikada idmanın kütləvi hal alması üçün mütəmadi olaraq yarışlar, turnirlər, çempionatlar təşkil edilir. Bunlardan biri də ilk dəfə olaraq keçirilən futzal liqasıdır.

Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev iştirakçı komandaları salamlayaraq bildirib ki, keçirilən liqanın əsasnaməsi futzal qaydalarına uyğun şəkildə hazırlanıb. Məqsəd futzalı muxtar respublikada kütləvi hala gətirməklə yanaşı, həm də təşkilatlar arasında dostluq münasibətləri qurmaqdır. Sakit Rzayev iştirakçıları liqa haqqında məlumatlandırdıqdan sonra ilk oyuna start verilib.

İlk dəfə təşkil olunan liqanın püşkatmasına əsasən meydana Dövlət Sosial Müdafiə Fondunun komandası ilə “Badamlı” komandası çıxıb. Oyunun birinci hissəsində birincilər üstünlüyü ələ alsalar da, bunu sonadək qoruya bilməyiblər. Görüş “Badamlı” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Birinci turun digər görüşləri həftənin şənbə günü – oktyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, gələn ilin may ayında başa çatacaq liqada turnir cədvəlinin ilk üç pilləsini tutan komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar. Liqanın bütün görüşləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin zalında keçiriləcək.

Xəbər 712 dəfə oxundu.