Gənc taekvondoçularımız Avropa birinciliyini üç bürünc medalla başa vurublar
İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında taekvondo üzrə Avropa birinciliyinə yekun vurulub. Sonuncu yarış günündə komandamızın daha bir üzvü fəxri kürsüdə yer alıb.

Turnirdə 78 kiloqram çəki dərəcəsində yarışan Taleh Süleymanov ispaniyalı, rusiyalı və ukraynalı taekvondoçulara qalib gəlib. Yarımfinala adlayan təmsilçimiz digər rusiyalı idmançıya məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Beləliklə, gənclərdən ibarət komandamız Avropa birinciliyində üç bürünc medal qazanıb. Əvvəlki yarış günlərində digər idmançılarımızdan Səyyad Dadaşov (51 kq) və Cavad Ağayev (68 kq) yarışda üçüncü yeri tutublar.

Taekvondonçularımız yarışda baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında iştirak ediblər.

Xəbər 981 dəfə oxundu.