Teruyuki Katori: Azərbaycan idmançılarının “Tokio 2020”də böyük uğur qazanacağına inanıram
Azərbaycan idmançılarının “Tokio 2020”də böyük uğur qazanacağına inanıram.

Bu sözləri Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori müsahibəsində bildirib.

Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərdən danışan səfir deyib: “Azərbaycanla əməkdaşlıq hazırda yüksək səviyyədədir. Biz ümid edirik ki, bu münasibətlər gündən-günə daha da sürətlənəcək və inkişaf edəcək. İki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə, eləcə də idman sahəsində inkişaf edib. Baxmayaraq ki, Yaponiya Azərbaycandan haradasa 7500 kilometr məsafədə yerləşir, lakin hər iki xalq arasında münasibətlər artıq 1500 il bundan öncə İpək yolu vasitəsilə qurulan ticarət əlaqələri sayəsində başlayıb. Qədim zamanlardan qurulan bu ənənəvi əlaqələr bugünkü gündə də çox gözəl davam edir və çiçəklənir. I Budo festivalı Azərbaycanda bir ilkdir. Festivalda iştirak edən idmançılar, demək olar ki, hamısı Azərbaycanı təmsil edirlər. Festivalı keçirməkdə əsas məqsəd qədim yapon döyüş sənəti olan budo ənənələrini Azərbaycanda inkişafına təkan verməkdir. Biz istəyirik ki, bu festivalı ənənə halına gətirək və növbəti illərdə təkcə Bakıda yox, digər regionlarda da təşkil edək”.

Azərbaycanda döyüş sənətinin inkişaf etdiyini deyən T.Katori cüdo üzrə Azərbaycanda Olimpiya, dünya və Avropa çempionlarının olduğunu vurğulayıb. Bildirib ki, karate, sumo və digər idman növlərində Azərbaycanın güclü idmançıları var.

AZƏRTAC

Xəbər 741 dəfə oxundu.