Yüksək Liqanın dördüncü turuna “Yasamal”-EKOL oyunu ilə start verilib
Oktyabrın 4-də futzal üzrə Yüksək Liqanın dördüncü turuna “Yasamal”-EKOL oyunu ilə start verilib.

“Olimpik Star”da təşkil olunan oyunda EKOL komandası 9:5 hesabı ilə qalib gəlib. Baş hakim Ramil Namazovun idarə etdiyi oyunda qalib komandanın heyətində Namiq Məmmədkərimov, Fərid Ələkbərov və Mehdi Pənahande dubl ediblər. Talebmohammad Arabpour, Fərid Atakişiyev və Faiq Əliyev hərəyə bir dəfə fərqləniblər. “Yasamal”ın qollarını isə Kamran Nəcəfzadə, Vüsal Səfərov və Elgün Abbaslı (3 top) vurublar.

Tura bu gün keçiriləcək “Record club”–“Neftçi”, “Bakı”-“Premier” və “Araz”-“Xızı” qarşılaşmaları ilə yekun vurulacaq.

“Marafon”–“Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.

Qeyd edək ki, 9 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL, “Baku Fire” və “Bakı” 6 xalla 3-5-ci yerdə qərarlaşıblar.

Xəbər 748 dəfə oxundu.