Böyük Britaniyanın “Press Association” Agentliyinin rəhbəri İdman Jurnalistikası Magistr Proqramının qonağı olub
Böyük Britaniyadan olan media eksperti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının prezidenti, Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşal Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr Proqramının qonağı olub.

Qonaq ölkəmizə səfəri çərçivəsində təşkil edilən görüşdə bu ali təhsil müəssisəsində yaradılan Multimedia Mərkəzində olub.

Proqramın direktoru Dan Mason K.Marşala Azərbaycanda və Qafqazda ilk dəfə tədris olunan İdman Jurnalistikası Magistr Proqramı barədə ətraflı məlumat verib. Bildirib ki, idman jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

D.Mason, həmçinin tədrisin ingilis dilində aparıldığı proqrama təkcə ölkəmizdə deyil, xaricdə də marağın artdığını bildirib. Bu il proqrama qəbul edilənlər arasında yerli tələbələrlə yanaşı, əcnəbilərin də olduğu vurğulanıb.

“Press Association” Agentliyinin baş icraçı direktoru ölkədə idman jurnalistikası tədrisinin belə yüksək səviyyədə aparılması ilə bağlı müsbət təəssüratlarını ifadə edib.

Multimedia Mərkəzində tədris üçün yaradılan şəraitlə tanış olan K.Marşal jurnalistika sahəsində ixtisaslaşmanın aparılmasının önəmindən, dünyada bu sahədə peşəkar kadrlara ehtiyac olmasından söhbət açıb. Bu baxımdan qonaq proqramın nəinki Azərbaycanda, region ölkələrində də jurnalistika tədrisi üçün mərkəz rolu oynaya biləcəyini qeyd edib.

Daha sonra K.Marşal idman jurnalistikası ixtisası üzrə təhsil alan yerli və xarici tələbələrlə görüşüb, tədris prosesi ilə maraqlanıb.

Qeyd edək ki, İdman Jurnalistikası Magistr Proqramı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Böyük Britaniyanın ən dinamik idman universiteti olan Şeffild Hallam Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində tədris olunur.


Xəbər 694 dəfə oxundu.