Teymur Rəcəbov final mərhələsinin üçüncü partiyasında qələbə qazanıb
Oktyabrın 2-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında üçüncü partiya oynanılıb.

Bu mərhələnin üçüncü görüşündə şahmatçımız rəqibini 45-ci gedişdə məğlub edib. Birinci görüşdə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız bu qələbə sayəsində hesabı bərabərləşdirib.

Dünya kubokunun dördüncü partiyası oktyabrın 3-də oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.

Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Xəbər 716 dəfə oxundu.