Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə “ComplexCore+” təlimləri davam edir
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Avstriyanın “ComplexCore+” təlimçi qrupu tərəfindən Bakıda məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlaşdırmaqda dəstək göstərən “ComplexCore+” təliminin keçirilməsi nəzərdə tutulub.

Təlim üçsəviyyəli olub, nəzəri və təcrübi hissələrdən ibarətdir. Nəzəri hissə funksional anatomiya üzrə təməl biliklərini, fiziki məşq nümunələrini, eləcə də hərəkətin skrininqi və motor bacarıqlarının qiymətləndirilməsi kimi idman tibbinin prinsipləri üzrə ətraflı məlumatı özündə ehtiva edir. Təcrübi hissədə isə bu sistemlə tanış olmaq üçün çoxsaylı müxtəlif fiziki hərəkətlər təqdim edilir. Oktyabrın 5-də “ComplexCore+” təliminin birinci səviyyəsi və oktyabrın 6-da isə ikinci və üçüncü səviyyələrinin keçirilməsi planlaşdırılıb.

“The Club” idman və sağlamlıq mərkəzində (Neftçilər prospekti 153, “The Club” Port Baku) keçiriləcək təlimdə iştirak etmək istəyən şəxslər ADBTİA-nın elmi-tədris laboratoriyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat oktyabrın 3-dək aparılır. Əlaqə telefonu: (012)564 73 64.

Təlimlər ödənişlidir. Ödənişlər Akademiyanın əməkdaşları, məzunları və tələbələri hər gün üçün 50, digər şəxslər üçün 100 manat təşkil edir.

Qeydiyyat üçün tələbələr şəxsiyyət vəsiqəsi, tələbə bileti, əməkdaşlar şəxsiyyət vəsiqəsi, məzunlar diplomun surəti və şəxsiyyət vəsiqəsi, digər şəxslər şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

İştirakçılardan təlimə gələrkən özləri ilə idman geyimi gətirmələri xahiş olunur.


Xəbər 658 dəfə oxundu.