Yekun olimpiya təsnifat reqatasında ilk rəqiblər məlum oldu
Mayın 20-də İsveçrənin Lütsern şəhərində start götürəcək yekun olimpiya təsnifat reqatasında Azərbaycan akademik avarçəkənlərinin ilk rəqibləri müəyyənləşib. Təmsilçilərimizdən mübarizəyə əvvəlcə Viktoriya Nençeva – İskra Angelova dueti qoşulacaq. Qadınlar arasında 2-nəfərlik təkavarlı qayıqda yer alan cütlüyümüz Bakı vaxtı ilə saat 18:00-da 2000 metr məsafəyə seçmə yürüşdə qüvvəsini sınayacaq. Onların rəqibləri Kerstin Hartmann – Marlen Sinniq (Almaniya), Maria Laura Abalo – Qabriela Best (Argentina), Yuliya Bıçik – Natalya Gelax (Belarus) və Vianka van Dorp – Olivia van Royyen (Niderland) olacaq. İlk 2 yeri tutanlar birbaşa əsas finala, sonrakı pillələrin sahibləri isə təsəlli yürüşünə qatılacaqlar.

Saat 18:56-da isə Aleksandr Aleksandrov – Boris Yotov dueti start xəttinə çıxacaq. Kişilərin yarışında 2-nəfərlik qoşa avarlı qayıqla mübarizə aparacaq cütlüyümüz seçmə mərhələdə Viktor Çabel – Pyotr Liçnerski (Polşa), Dmitri Mixay – Artyom Morozov (Ukrayna) və Oleq Qonorovski – Dani Fridman (İsrail) duetlərinə rəqib olub. 2000 metr məsafəyə yürüşdə ilk 3 yeri tutanlar yarımfinala, sonrakılar isə təsəlli yürüşünə qatılacaqlar.

Qeyd edək ki, London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün hər iki duetimiz ilk 2 pillədən birini tutmalıdır.

Xəbər 1197 dəfə oxundu.