“Avro 2020”nin Könüllülər Proqramında müsahibə mərhələsi davam edir
Futbol üzrə “Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Könüllülər Proqramında müsahibə mərhələsi davam edir.

Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində keçirilən ilk müsahibə mərhələsində 265 könüllü namizəd iştirak edib. Dekabrın 28-dək davam edəcək müsahibə mərhələsi bazar ertəsi istisna olmaqla, həftənin digər günləri keçiriləcək.

“Avro 2020”nin Bakı Könüllülük proqramının səfiri Taleh Yüzbəyov da müsahibə mərhələsinin ilk günündə iştirak edərək könüllü namizədlərlə görüşüb.

Müsahibə mərhələsində namizədin dil bilikləri yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, beynəlxalq idman tədbirində işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək.

Müsahibədən keçən namizədlər üçün proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərsləri və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır. Namizədlər proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirəcək, yeni beynəlxalq dostlar əldə edəcək, eləcə də futbol dünyasının bir hissəsi olacaqlar.

Noyabrın 30-dək davam edəcək Könüllülər Proqramına qeydiyyat prosesində 4 mindən çox könüllü qeydiyyatdan keçib. Müsahibə mərhələsinə dəvət olunan könüllülərdən isə yalnız 1900-ü proqrama qoşulmaq şansı əldə edəcək.

Xəbər 702 dəfə oxundu.