Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən futbol birinciliyinin qalibi müəyyənləşib
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən futbol birinciliyinə yekun vurulub. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 15 komanda mübarizə aparıb.

Ordu Komandanlığının təşkil etdiyi və Olimpiya sistemi ilə keçirilən birincilikdə oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər. 3-cü yer uğrunda keçirilən oyunda motoatıcılar artilleriyaçılar üzərində 5-3 hesabı ilə qələbə qazanıblar. Xüsusi təyinatlı birləşmə ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandaları arasında keçirilən final görüşündə isə əsas və əlavə vaxtlarda hesab açılmadığından qalib komanda 11 metrlik zərbələrlə bəlli olub. Əlahiddə Əməliyyat Briqadası maraqlı idman mübarizəsi ilə yadda qalan futbol birinciliyində 5-4 hesabı ilə qalib gəlib. İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 672 dəfə oxundu.