Britaniya və İrlandiyada 2012-ci il Olimpiya Oyunlarının məşəl estafeti start götürüb

Mayın 19-da İngiltərənin cənub-qərbindəki Kornuoll qraflığındakı “Lends-End” (“Dünyanın qurtaracağı”) burnundan 2012-ci il Yay Olimpiya Oyunlarının Birləşmiş Krallığın və İrlandiya Respublikasının şəhərləri boyunca məşəl estafeti start götürüb. Olimpiya alovu Böyük Britaniyaya Yunanıstandan gətirilib.
Estafetin Britaniya mərhələsinin birinci iştirakçısı yelkənli qayıq idmanı üzrə üçqat olimpiya çempionu, 35 yaşlı Ben Eynlsli olub. İkinci mərhələdə serfinq üzrə yeniyetmələr arasında yarışların dəfələrlə iştirakçısı, 18 yaşlı Anastasiya Suollou iştirak edəcək.
Estafetin marşrutu bütün krallıq üzrə 1021 yaşayış məntəqəsindən keçəcəkdir. Marşrutun ümumi uzunluğu təxminən 8 min mil (13 min kilometrə yaxın) təşkil edir.
10 həftə davam edəcək estafet ərzində olimpiya məşəlini britaniyalıların məktəb müəllimlərindən tutmuş idman ulduzlarınadək tanınmış ictimai xadimlər arasından seçdikləri 8 min adam daşıyacaq.
Olimpiya məşəli həm də təyyarə, gəmi, qatar, tramvay, kanat yolu, hava şarı, velosiped və motosikllə daşınacaq.
İyunun 6-da məşəl Olstrerdən Şimali İrlandiyanın paytaxtı Dublinə gətiriləcək.
İyulun 10-da Olimpiya alovunu Böyük Britaniya kraliçası II Elizabet Vindzor sarayında qəbul edəcək.
Olimpiadanın başlanmasına bir həftə qalmış məşəl Londonun bütün rayonlarında gəzdiriləcək.
Əvvəlcədən elan olunduğu kimi, sonda olimpiya məşəli Temza boyunca “səyahət” edəcək.

AzərTAc

Xəbər 1392 dəfə oxundu.