“İnter”in xilaskarı - Baçana Sxadadze
“İnter”in rəsmi saytı 2011/2012 mövsümünün yekunları ilə bağlı daha bir statistik göstəricilərini təqdim edib. İdman.com.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu dəfə ötən mövsümdə ən məhsuldar futbolçularının siyahısını açıqlayıb.

Belə ki, “bankçılar”ın bombardiri adını Unibank Premyer Liqasında 29 qarşılaşmada 7 qol vurmuş gürcüstanlı hücumçu Baçana Sxadadze qazanıb. O, bu qollardan yalnız birini, penalti zərbəsindən vurub (“Simurq”la matçda).

Daha maraqlı bir məqam isə forvardın qol vurduğu oyunların “İnter”in qələbəsi ilə yekunlaşmasıdır. Belə ki, forvardın “Neftçi” (2 dəfə), “Xəzər-Lənkəran”, “Simurq”, “Sumqayıt” və “Bakı” oyunlarda fərqlənməsi “İnter”ə 3 xal qazandırıb. Baçananın “Qarabağ”la son matçında vurduğu daha bir qolu isə komandanı məğlubiyyətdən xilas edib.

Bundan sonra aktivində 5 qol olan Nizami Hacıyev gəlir. O, “Xəzər-Lənkəran”ın, “Qəbələ”nin (2 dəfə), “Turan”ın və “Kəpəz”in qapıçılarını məyus edib. Mövsümdə 3 dəfə İbrahima Niasse də fərqlənib. Vladimir Levin, İlia Kandelaki, Elnur Abdulov və Samir Zərgərov isə hərəyə 2 qol vurublar. Qeyd edək ki, “İnter” mövsümü 3-cü pillədə başa vurub.

Xəbər 1304 dəfə oxundu.