Futbol üzrə Azərbaycan çempionatının yeddinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura oktyabrın 5-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Keşlə” oyunu ilə start veriləcək. Saat 17:00-da başlayacaq görüşü Səbuhi Bayramov idarə edəcək.

Həmin gün baş tutacaq “Neftçi”–“Səbail” matçının baş hakimi Rauf Cabbarov olacaq. Saat 19:15-də start götürəcək görüş “Bakcell Arena”da oynanılacaq.

Oktyabrın 6-da Zirə Olimpiya İdman Kompleksinin stadionu keçiriləcək “Zirə”–“Qəbələ” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 18:00-da başlayacaq.

Tura həmin keçiriləcək “Qarabağ”-“Sabah” oyunu ilə yekun vurulacaq. Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma saat 20:30-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Altı turdan sonra turnir cədvəlinə 18 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 10 xal olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (8), “Zirə” (7), “Sumqayıt” (6), “Sabah” (5) və “Qəbələ” (4) yer alıblar.

Xəbər 727 dəfə oxundu.