Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr edilən “Olimpiya ümidləri” karate turnirinin açılışı olub
Sentyabrın 28-də Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirinin təntənəli açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçı komandaların üzvləri “Heyratı” musiqisinin sədaları altında zala daxil olublar.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, turnirin “Olimpiya ümidləri” devizi altında təşkil olunması təsadüfi deyil. Turnirin qalibləri arasından gələcəkdə ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək idmançılar yetişəcəklər. “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz dəfələrlə irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. 2015-ci ildə ilk Avropa Oyunlarında, iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında karateçilər də mübarizə aparıblar. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda karatenin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir”, - deyə Y.Bəşirov bildirib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə karate üzrə daha bir beynəlxalq yarışın keçirilməsinin idmanın bu növünün respublikamızda inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O, turnirdə iştirak edən komandalara uğurlar arzulayıb.

Tədbirin təşkilatçılarından olan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov ilə bağlı xatirələrini bölüşüb. H.Əzimov igid tankçının xatirəsinə olunan beynəlxalq turnirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq turnirin təşkilinə görə yəhudi icmasının adından minnətdarlığını ifadə edib. O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib: “Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq”.

Sonra Azərbaycanda idmanın, hərbi vətənpərvərlik ruhunun və multikulturalizmin inkişafındakı xidmətlərinə görə Gənclər və İdman naziri Azad Rəhimovun, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurovun, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin, Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimovun və digər veteran tankçıların xatirə medalları ilə təltif olunduqları diqqətə çatdırılıb.
Açılış çıxışlarından sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilən vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, xüsusi təyinatlılar nümunəvi çıxışlar yerinə yetiriblər.

Sonra yarışlara start verilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilir. Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparır.

Xəbər 726 dəfə oxundu.