Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Qazaxıstanın Almatı şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatı davam edir.

Yarışın üçüncü günündə idmançımız Vüqar Talıbov (73 kq) otuzikidəbir finalda avstraliyalı Danni Voynikoviçi məğlub edib. Növbəti mərhələdə tunisli Həmzə Vergini üstələyən cüdoçumuz səkkizdəbir finalda qırğızıstanlı Arseni Kladnovu məğlubiyyətə uğradıb. Dörddəbir finalda Braziliya təmsilçisi Qustavo Qomezə uduzan V.Talıbovun təsəlliverici görüşdə rəqibi tacikistanlı Qanijon Qaniyev olub. Cüdoçumuz rəqibini bir xalla məğlub edərək bürünc medal uğrunda mübarizəni təmin edib. Talıbovun bu mərhələdə rəqibi italiyalı Luici Sentracçio olacaq.

İkinci yarış günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Qeyd edək ki, çempionatda ölkəmizi 18 cüdoçu təmsil edir.

Xəbər 767 dəfə oxundu.