Kamran Süleymanov dünya çempionatında gümüş medala qazanıb
Azərbaycan cüdoçusu Kamran Süleymanov (60 kq) Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında gümüş medala sahib olub.

Mübarizəyə otuzikidəbir finaldan başlayan idmançımız əvvəlcə braziliyalı Felipe Limanı məğlub edib. Növbəti mərhələdə ukraynalı Vladislav Kazimirovu üstələyən cüdoçumuz səkkizdəbir finalda ermənistanlı Styopa Darbinyanı məğlubiyyətə uğradıb. Dörddəbir finalda Qazaxıstan təmsilçisi Marlen Adilə qalib gələn K.Süleymanov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi qırğızıstanlı Çingizxan Saqinaliyev olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala yüksəlib. Lakin finalda yaponiyalı Keiji Tsujioka ilə bacarmayan cüdoçumuz gümüş medalla kifayətlənməli olub.

Bu çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Turan Bayramov onaltıdabir finalda italiyalı Simone Aversanı məğlub edib. Səkkizdəbirdə Monqolustan təmsilçisi Bulqantamir Davadorju üstələyən T.Bayramov növbəti görüşündə qazaxıstanlı Nursultan Zaizaqaliyevə qalib gələ bilməyib. Lakin cüdoçumuz təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini mübarizədən kənarlaşdırıb. T.Bayramov bürünc medal uğrunda qarşılaşmada qırğızıstanlı Çingizxan Saqinaliyevə uduzub.

Qeyd edək ki, çempionatda ölkəmizi 18 cüdoçu təmsil edir.

Xəbər 763 dəfə oxundu.