Azərbaycanda UEFA-nın təşəbbüsü ilə 50 min ağac əkiləcək
UEFA-nın prezidenti Aleksander Çeferin Sloveniyanın paytaxtı Lyublyanada “Avro 2020” turniri ərəfəsində yaşana biləcək iqlim dəyişikliyi probleminin aradan qaldırılması üçün böyük bir kampaniyaya başlanacağını elan edib.

UEFA Avropa çempionatının 60 illik yubileyini qeyd etmək və yarışdan sonra böyük bir irsin qalması məqsədilə “Avro 2020”yə ev sahibliyi edəcək 12 ölkənin hər birində 50 min ağac əkiləcək. Bundan başqa, UEFA azarkeşlərin və qurumun işçi heyətinin turnir zamanı keçiriləcək oyunlarla bağlı səfərləri nəticəsində yaranacaq təxminən 405 min ton karbon qazı emissiyasını kənarlaşdırmaq üçün bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

A.Çeferin plan barədə danışarkən deyib: “Avro 2020” qitənin dörd bir yanında təşkil olunacaq Avropa futbolunun təntənəsidir. Bu turnirin fəlsəfəsi daha az yeni stadion və nəqliyyat qovşaqlarının tikilməsi, habelə Avropada yaşayan müxtəlif icmalarla yaxından tanış olmaq imkanı kimi bir çox üstünlükləri əks etdirir. Lakin bunun nəticəsində azarkeşlər sevimli komandalarının oyunlarını canlı izləmək üçün daha çox səyahət etməli olacaqlar. UEFA öz məsuliyyətini çox yaxşı dərk edir və bizim müəyyən fəsadlara gətirə biləcək karbon emissiyasını əvəz etməyimiz düzgündür. On iki ölkənin hər birində 50 min ağac olmaqla ümumilikdə 600 min ağac əkiləcək. İnanıram ki, bu, “Avro 2020”nin oyunlarının keçiriləcəyi ölkələrin hamısına kömək edəcək”.

Xatırladaq ki, UEFA “İqlim Fəaliyyəti üçün İdman” təşəbbüsünü imzalayıb.

2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4 isə dörddəbir final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 737 dəfə oxundu.