Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi: “Caspian Cup 2019” turniri bizim üçün çox faydalı oldu
“Caspian Cup 2019” turnirində Qazaxıstan yığması ilə oyunun əvvəlindən razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Tiaqo və Kardoso bundan istifadə edə bilmədilər. Əvəzində isə qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim.

Bu sözləri Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirində Qazaxıstan yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis bildirib: “Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Futzalçılarımızın oyundan qopmamasına çalışdıq. Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim.

Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirin bizə böyük faydası oldu. Rəqiblərimiz FIFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda, mühüm təcrübə qazandırdı”.

Qeyd edək ki, millimiz birinci oyunda Rusiyaya 1:2 hesabı ilə məğlub olub. İran komandası ilə oyunda isə qalib müəyyənləşməyib – 2:2. Turnirdə sonuncu görüşdə Qazaxıstan ilə qarşılaşan komandamız məğlub olub – 2:5.

Xəbər 723 dəfə oxundu.