Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə keçirməyə qadir olduğunu dəfələrlə sübuta yetirib
Noyabrın 14-də Azərbaycanda V Uşaq Paralimpiya İdman Oyunları start götürəcək. Bu mötəbər yarışda ölkənin 20-yə yaxın şəhər və rayonundan 200-dək uşağın iştirakı gözlənilir.

Bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, oyunlar idmanın 7 növü - paracüdo, boççia, stolüstü tennis, üzgüçülük, qolbol, pauerliftinq və əlil arabasında rəqs üzrə təşkil olunacaq.

Baş katib qeyd edib ki, Uşaq Paralimpiya İdman Oyunlarının gələcəkdə beynəlxalq səviyyədə keçirilməsi AMPK-nin əsas məqsədlərdən biridir. Bu istiqamətdə müəyyən işlər görülür.
“Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməyə qadir olduğunu dəfələrlə sübuta yetirib. Əminəm ki, Azərbaycan gələcəkdə Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi edəcək”, - deyə K.Məmmədov vurğulayıb.


AZƏRTAC

Xəbər 635 dəfə oxundu.