Azərbaycan nümayəndə heyəti Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci seçki-hesabat konqresində iştirak edəcək
Sentyabrın 24-26-da Qətərin paytaxtı Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci seçki-hesabat konqresi keçiriləcək.

Konqresdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə təmsil edəcəklər.

Konqresdə digər məsələlərlə yanaşı, sentyabrın 27-dən oktyabrın 6-dək bu şəhərdə təşkil olunacaq dünya çempionatı ilə bağlı da müzakirələr aparılacaq. Azərbaycan yığma komandasının da qatılacağı dünya çempionatında 209 ölkədən 1900 idmançı yarışacaq.

Ölkəmizi çempionatda yığma komandanın rəhbəri, baş məşqçi Bəhruz Salehli, məşqçilər Ziyad Xəlfəyev və Artyom Rubanko, idmançılardan Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkic atma) təmsil edəcəklər.

Xəbər 805 dəfə oxundu.