“Ferrari”nin pilotu Sebastyan Fettel cari mövsümdə ilk qələbəsini qazanıb
Sentyabrın 22-də “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel Formula 1 üzrə Sinqapur Qran-Prisinin qalibi olub.

Uzunluğu 5065 metr olan Marina Beydə təşkil olunan mövsümün 15-ci yarışında pilotlar 61 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan S.Fettel Sinqapur Qran-Prisində birinci olmaqla cari mövsüm ilk, karyerasında isə 53-cü qələbəsini qazanıb. Onun komanda yoldaşı monakolu Şarl Lekler yarışı ikinci, niderlandlı Maks Ferstappen (“Red Bull”) isə üçüncü pillədə başa vurublar.

Pilotların cədvəlinə 296 xalla “Mercedes”in sürücüsü Luis Hamilton başçılıq edir. Valtteri Bottas (“Mercedes”) 231xalla ikinci, Ş.Lekler isə 200 xalla üçüncüdür.

Konstruktorlar kubokunda “Mercedes” 527 xalla birinci yerdədir. Hesabında 394 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 289 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış gələn həftə Rusiyanın Soçi şəhərində keçiriləcək.

Xəbər 759 dəfə oxundu.