Qrup hərəkətləri komandalarının yarışında 5 topla mübarizədə Bolqarıstan gimnastları birinci pilləyə yüksəliblər
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının yarışında 5 topla mübarizədə Bolqarıstan birinci pilləyə yüksəlib.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda Bolqarıstan millisinin çıxışı hakimlər tərəfindən 29,200 xalla qiymətləndirilib. Yaponiya komandası eyni xalla ikincidir. İlk üçlüyü Ukrayna 28,250 xalla tamamlayır.

Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 724 dəfə oxundu.