“Bakı 2019”da 5 topla mübarizəyə Ukrayna millisi başçılıq edir
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının yarışında 5 topla mübarizədə Ukrayna millisi birinci pillədə qərarlaşıb.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda Ukrayna millisinin çıxışı hakimlər tərəfindən 28,250 xalla qiymətləndirilib.
Finlandiya komandası 25,550 xalla ikinci, ABŞ isə 25,050 xalla üçüncü pillədə yer alıb.

Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 681 dəfə oxundu.