Uqo Sançes «Paçuka»nın sükanında
53 yaşlı meksikalı mütəxəssis Uqo Sançes «Paçuka»nın baş məşqçisi təyin olunub. Madrid «Real»ının keçmiş əfsanəsi, «kral klubu»nun, ümumiyyətlə İspaniya La Liqasının tarixinin ən yaxşı bombardirlərindən olan Sançes mayın 18-də yeni kürsüdə rəsmi təqdim olunacaq.

İdman.com.az saytının məlumatına görə, meskikalının son iş yeri vətəninin yığması olub. Həmin kürsünü o, 2008-ci ildə tərk etmişdi.
Meksikanın ən uğurlu klublarından olan «Paçuka» son 10 ildə 5 dəfə ölkə çempionluğu yaşayıb.

Uqo Sançes əfsanəvi futbolçu karyerasını Meksika UNAM-ında başlayaraq, 183 oyunda 99 qol vurmuşdu. Sonradan İspaniyaya köç edib «Atletiko»da 4 ilini keçirmişdi. 4 mövsümə rəqib qapısıları 54 dəfə məyus etmişdi. Sonrakı «Real» karyerasında onun hesabında 207 oyuna 164 qol var. Sonradan dünya boyu var-gəl edən Sançes futbolçu karyerasını Madriddən gedişindən 6 il sonra – 1998-ci ildə başa vurub.

Xəbər 1278 dəfə oxundu.