“Qəbələ”də təmizləmə
Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012/2013 üçün heyətini formalaşdırmağa başlayıb. İdman.com.az saytının məlumatına görə, artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib.

“Qara-qırmızılar”ın yollarını ayırdığı futbolçuların siyahısına daha ikisi əlavə olunub. Bunlar Sergey Sokolov və Nuran Qurbanovdur. Onlaradək isə Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin, Pavel Doroşev, Qrem Smit, Deon Barton, Arif İsayev və Saşa Yunisoğlu ilə anlaşma uzadılmamışdı.

Digər müqaviləsi sona çatdığından komandanı tərk edəcəyi gözlənilən futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, müdafiəçi növbəti mövsümdə də “Qəbələ” üçün tər tökəcək.

Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı məsələsi də futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.

Tərzin Cahangirov isə futbolçu həyatını icarə əsasında başqa komandada davam etdirəcək. Onun hansı kluba keçəcəyi hələ dəqiqləşməyib.

Xəbər 969 dəfə oxundu.