Güləşçimiz Tatyana Omelçenko dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Çempionatın beşinci yarış günündə - sentyabrın 18-də qadın güləşçilər 57, 59, 65 və 76 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Alyona Kolesnik yarışa inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisi İrina Çixradzeyə “tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Koreya Xalq Demokratik Respublikasından olan idmançı İn Sun Yonq ilə bacarmayıb.

Digər güləşçimiz Tatyana Omelçenko (59 kq) ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığmamızın üzvü Yeni Zelandiyadan olan rəqibi Ana Paulina Mokeyavanı “tuşe” ilə məyus edib. Vyetnam təmsilçisi Ti Huonq Daoya da gücünü göstərən T.Omelçenko adını dörddəbir final mərhələsinə yazdırıb.

Səbirə Əliyeva (76 kq) ilk mərhələdə Koreya Respublikasından olan idmançı Eunyu Hvanq ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz səkkizdəbir finalda almaniyalı Aline Rotter Fokkerə müqavimət göstərə bilməyib.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Dünya çempionatının finalına vəsiqə qazanmış Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) bu gün final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Emiliya Alina Vuk olacaq.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Xəbər 908 dəfə oxundu.