Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşir
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında halqa və top ilə final yarışlarına start verilib.

Əvvəlcə gimnastlar fərdi proqramda halqa ilə final yarışlarında güclərini sınayırlar. Dünya çempionatının medalları uğrunda Dina Averina (Rusiya), israilli Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, israilli Nikol Zelikman və Boriana Kaleyn (Bolqarıstan) mübarizə aparırlar.

Daha sonra fərdi proqramda top ilə final yarışlarında Rusiyanı təmsil edən Dina və Arina Averina bacıları, bolqarıstanlı Boriana Kaleyn, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israilli) və ABŞ idmançısı Evita Qriskenas xalça üzərinə çıxacaqlar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 721 dəfə oxundu.