Boksçumuz Məhəmməd Abdullayev səkkizdəbir finala vəsiqə qazanıb
Sentyabrın 16-da Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında Azərbaycanın iki boksçusu onaltıdabir finalda mübarizəyə qoşulub.

+91 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev ilk döyüşündə qalib gəlməklə 16 ən güclü boksçu sırasına düşüb. O, çinli Danabieke Bayıkevuzini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 4:1 hesabı ilə məğlub edib.

Çempionatda 69 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenzo Sotomayor məğlubiyyətlə üzləşib. Onaltıdabir finalda əlcəzairli Şemseddin Kramou ilə qüvvəsini sınayan Olimpiya mükafatçımız 2:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Tayfur Əliyev (57 kq), Dominqes Alfonso (81 kq) və Məsud Yusifzadə (52 kq) səkkizdəbir finala vəsiqə qazanıblar. Bəxtiyar Qazıbəyov (63 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunub. Yekaterinburqdakı "EXPO Arena"da baş tutan yarışın təsnifat mərhələsinə bu gün yekun vurulacaq. Sentyabrın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Xəbər 835 dəfə oxundu.