Paralimpiyaçı üzgüçülərimiz dünya çempionatında üçüncü medalı qazanıblar
Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.

Londonda keçirilən yarışın beşinci günündə idmançımız brass üsulu ilə mübarizə aparıb. O, 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutub. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırıb. On yeddi yaşlı Vəli İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.

Bundan əvvəl həmin yarışda milli komandamızın digər üzvü Roman Saleh çıxış edib. İdmançı arxasıüstə üzmə yarışlarında ikinci yeri tutaraq “Tokio 2020” Paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsulla üzmə yarışında gümüş medala sahib olub.

Beləliklə, Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası “London 2019” paraüzgüçülük üzrə dünya çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb.

Xəbər 782 dəfə oxundu.