Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib

Cəlilabad rayon Gənclər və İdman İdarəsi ilə rayon Təhsil Şöbəsinin birgə dəstəyi ilə rayonun Göytəpə şəhərində, Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı orta məktəbin 3 v sinfində “2012-ci il - İdman ili” çərçıvəsində fiziki tərbiyə fənni üzrə “Dözümlülüyünün inkişaf etdirilməsi” mövzusunda açıq dərs keçirilib və bütün III sinif şagirdlərinə tədris olunan fənlərlə əlaqələndirilib.
Açıq dərs zamanı slaydlar vasitəsilə Azərbaycanda olimpiya hərəkatı, idman nailiyyətlərimiz və tarixi uğurlar haqqında məlumat verilib, sinif rəhbəri Aygün Əmrahova tərəfindən xüsusi hazırlanmış testlər vasitəsilə şagirdlər sorğu-sual olunub. Dərsin gedişində olimpiya çempionlarımız və onların uğurları haqqında ayrı-ayrı şagirdlər tərəfindən hazırlanmış təqdimatlar nümayış etdirilib, sinif komandalara bölünərək qaliblər yeni milli kurrikulum üsulu ilə qiymətləndiriliblər.
Son illər idmanın inkişafı xüsusən də əyalətdə yeni inkişaf mərhələsinin yaşanması, maddi-texniki bazanın möhkəmləndirilməsi, gələcəkdə bu sahədə özünü mütəxəssis kimi görmək istəyən yeniyetmə və gənclərin həyatında mühüm yer tutmaqdadır.
Açıq dərs prosesində məktəbin direktoru Reyhan Cəfərova, tədris üzrə dərs hissə müdiri, “Tərəqqi” medallı Elmira Abbasova şagirdlərə Azərbaycan prezidenti cənab İlham Əliyevin idmanın inkişafına və kütləvi bədən tərbiyəsinə göstərdiyi qayğısından danışıb, bildiriblər ki, Azərbaycanda idmanın maddi texniki bazası yaxşılaşır, yeni olimpiya kompleksləri tikilir. Ölkəmiz nüfuzlu beynəlxalq idman yarışlarına, dünya və Avropa çempionatlarına ev sahibliyi edir.
Tədbirin sonunda 2020-ci il Olimpiya oyunlarının ölkəmizdə keçirilməsini, Bakının namizədliyini cənub bölgəsi vətəndaşlarının tam dəstəklədikləri qeyd olunub.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəsmiləri, təhsil şöbəsinin nümayəndələri, valideynlər açıq dərsin əhəmiyyətindən danışıblar.

Xəbər 4876 dəfə oxundu.