“Rabitə”dən 2 möhtəşəm transfer
“Rabitə” növbəti transfer bombalarını partladıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Puerto-Riko millisinin üzvü Aurea Kruz və Kolumbiya yığmasının voleybolçusu Madeleyne Montano ilə anlaşıb. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.

1982-ci ildə anadan olan Kruz son 3 mövsümü “Rabitə”nin yeni baş məşqçisi Marçello Abbondanzanın rəhbərliyi altında “Villa Kortese”də keçirib. 2 dəfə bu klubla İtaliya kubokunu başı üzərinə qaldıran (2010, 2011) və 3 dəfə A seriyasında ikinci olan voleybolçu peşəkar karyerasına 1998-ci ildən başlayıb.

O, “Rabitə”yə transfer oluna kimi “Llaneres” (Puerto-Rika, 1998-1999, 2004-2005), “University of Florida” (ABŞ, 1999-2003), “Ayron Tortoli” (İtaliya, 2005-2006), “Altamura” (İtaliya, 2006-2007), “İkaro Palma” (İspaniya, 2007-2008), “Hyunday Greenfoks” (Cənubi Koreya, 2008-2009) və “Villa Kortese” (İtaliya, 2009-2012) klublarının şərəfini qoruyub. Kruz, həmçinin İspaniya çempionatında da ikinci yeri tutub.

Bundan əlavə, İtaliya çempionatında bombardiri və ən yaxşı topqəbuledicisi seçilib. 2011-ci ildə isə “La Gazzetta Dello Sport”un sorğusuna əsasən “A” seriyasının ən yaxşısı olub.

1999-cu ildən yığmaya çağırılan və burada 102 oyun keçirən Aurea NORCECA (Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrinin konfederasiyası) çempionatının gümüş mükafatçısı, NORCECA Oyunlarının ikincisi və üçüncüsü, Panamerika Kubokunun finalçısı olub. 183 sm boya malik voleybolçu bu yarışlarda bir neçə dəfə turnirin ən yaxşı topqəbuledicisi, ən yaxşı hücumçusu və ən yaxşı topu oyuna daxil edən oyunçusu seçilib.

Kolumbiya yığmasının voleybolçusu Montano isə son 3 mövsümü Cənubi Koreyanın “Daejeon” klubunda keçirib. 1983-cü il təvəllüdlü, 186 sm boya malik Madeleyne xal sayına görə dünya rekordçusudur. O, 2011-ci ilin dekabrında bir oyunda nə az, nə çox - 54 xal toplayıb (effektliyi 65 faizdir). Koreya çempionu olan voleybolçu orada oynadığı illərdə ən yaxşı hücumçu və ən dəyərli oyunçu nominasiyasında da yalnız birinci olub. Yunanıstan çempionatında da adından söz etdirən rekordçu İtaliya, Yaponiya, Braziliya və Türkiyədən dəvətlər alsa da, sonda seçimini dünya çempionlarının xeyrinə edib.

Qeyd edək ki, “Rabitə” Kruz və Montanodan öncə ötən ilki heyətdən Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç (hamısı Serbiya), Dobriana Rabadjiyeva (Bolqarıstan), İrina Jukova (Ukrayna) ilə müqaviləni təzələmiş, Katarzina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Suzana Sebiçlə (Serbiya) yeni anlaşma imzalamışdı.

Xəbər 1020 dəfə oxundu.