Boksçumuz Tayfur Əliyev bu gün dünya çempionatında ilk görüşünə çıxacaq
Sentyabrın 11-də Azərbaycan boksçusu Tayfur Əliyev Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında ilk görüşünə çıxacaq.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi isveçrəli Tiaqo Puqno olacaq.

Dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunub. Yekaterinburqda EXPO Arenada baş tutan yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Xatırladaq ki, sentyabrın 9-da rinqə çıxan birinci boksçumuz Amin Kuşkov Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1 hesabı ilə məğlub edib.

Xəbər 772 dəfə oxundu.