Qubanın “Şahdağ” futbol klubu Region Liqasında çempionluğa iddialıdır
Qubada fəaliyyətini bərpa edən “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasında mübarizə aparacaq.

Çempionluğa iddialı komandaya türkiyəli mütəxəssis İbrahim Uzunca baş məşqçi təyin olunub. Məşqçi bundan əvvəl Azərbaycanda "Bakı" futbol klubu ilə əməkdaşlıq edib. Mütəxəssisin son iş yeri isə Türkiyə üçüncü liqasında çıxış edən "Osmaniyespor" klubu olub.

Sentyabrın əvvəlindən məşqlərə başlayan komandada şimal bölgəsinin futbolçuları məşq edir. Həmin futbolçular seleksiya məşqlərindən sonra kluba cəlb olunublar.

Klubun rəhbəri Xanbaba Daşdı bildirib ki, komandanın tam təşkili üçün yeni transferlər də nəzərdə tutulub. Əsas heyətə seçiləcək futbolçuları müəyyənləşdirmək üçün komanda qarşıdakı günlərdə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

Komanda məşqlərini rayonun Birinci Nügədi kəndindəki stadionda keçirir.

“Şahdağ” futbol klubunun qarşısına qoyulan məqsəd növbəti illərdə Azərbaycan Birinci Divizionuna vəsiqə qazanmaqdır.

Xəbər 942 dəfə oxundu.