Uels-Azərbaycan oyunu başlayıb
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər stadionunda keçirilən Uels-Azərbaycan oyunu başlayıb.

Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Riçard Almeyda və Pavel Paşayev yer alıblar.

Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens və Daniel Ceyms çıxıblar.

Qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Farrucia Kanndır. Ona Alan Kamilleri və Luke Portelli kömək edirlər. Dördüncü hakim funksiyasını isə Alan Mario Sant yerinə yetirir.

Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanır.
Azərbaycan yığması “E” qrupundakı ilk 3 görüşdə məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komandamız doğma meydanda Macarıstana 1:3 və Slovakiya seçməsinə 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib. Hazırda Uels 3 xalla 4-cü yerdədir. Xal toplamayan Azərbaycan millisi isə sonuncu – beşinci yerdədir.

Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək.

Xəbər 714 dəfə oxundu.