Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Sankt-Peterburqda əməkdaşlığa dair üçtərəfli müqavilə imzalayıb
Sankt-Peterburqda əlil arabasında idman rəqsi üzrə dünya kuboku və qitə kuboku yarışları keçirilir. Yarışlarda ölkəmizi dörd idmançı təmsil edir. Rusiyanın Ərazilərin Ekoloji-Sosial və İnnovativ İnkişafına Dəstək Milli Mərkəzinin və Beynəlxalq Texniki Sertifikatlaşma Ekspert Mərkəzinin dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarışlarda qonaq kimi iştirak edir.

Səfərin ilk günündə İ.Rəhimovla Beynəlxalq Texniki Sertifikatlaşma Ekspert Mərkəzinin İdarə Heyətinin səlahiyyətli nümayəndəsi Nataliya Krel və Rusiyanın Ərazilərin Ekoloji-sosial və İnnovativ İnkişafına Dəstək Milli Mərkəzinin direktoru Dmitri Petrakov arasında görüş keçirilib.

Görüşdə birgə əməkdaşlığın mümkün istiqamətləri geniş müzakirə olunub və üçtərəfli müqavilə imzalanıb. Müqaviləni İ.Rəhimov, N.Krel və D.Petrakov imzalayıblar.

Müqavilədə hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq, paralimpiyaçıların istifadə etdikləri idman arenalarında və qurğularında, eyni zamanda, beynəlxalq yarışlar keçirilən arenalarda müyəssərliyin təmin edilməsi zamanı beynəlxalq standart və normalara riayət olunmasında birgə fəaliyyət və bu sahədə mütəxəssislərin hazırlanması öz əksini tapıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti imzalanma mərasimindən əvvəl təşkil olunan “Öz idman növünü seç” adlı sərgidə iştirak edib. İ.Rəhimovu N.Krel və D.Petrakov müşayiət edərək onu sərgidə nümayiş olunan Paralimpiya Oyunlarına aid qış və yay idman növləri ilə tanış ediblər.

Yarışların açılış mərasimində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun nümayəndələri də iştirak ediblər.

Xəbər 729 dəfə oxundu.