Adnan Əliyev lisenziya imkanını qaçırdı
Bu gün Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Avropa olimpiya təsnifatı start götürüb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

O, 1-nəfərlik qayıqla1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək, 6-cı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə Əliyev finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəliblər. Kanoeçimiz isə 5-ci olduğundan, həlledici yürüşdən kənarda qalıb.

London olimpiadasına lisenziya qazanmaq üçün ilk 2 yerdən birini tutmaq lazımdır. Bu vəsiqələr uğrunda 9 finalçı – Sebastian Brendel (Almaniya), Pavel Rusu (Moldova), İosif Kirila (Rumıniya), Matey Rusnak (Slovakiya), Deyan Georgiyev (Bolqarıstan), Pyotr Kuleta (Polşa), Qatis Pranks (Latviya), Vladimir Trotsyuk (Ukrayna) və Andreas Kiliqkaridis (Yunanıstan) mayın 17-də mübarizə aparacaq.

Beləliklə, London oyunlarında Azərbaycanı kanoe növündə yalnız Valentin Demyanenko və Sergey Bezuqlı – Maksim Prokopenko dueti təmsil edəcək. Demyanenko 1-nəfərlik qayıqla 200 metr, Bezuqlı – Prokopenko cütlüyü isə 2-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar.


Xəbər 1102 dəfə oxundu.