RAGB komandası mini futbol üzrə millətlərarası turnirdə uğurla çıxış edib
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) komandası Moskva Hökumətinin Moskva Milliyyətlər Evi kuboku uğrunda mini futbol üzrə millətlərarası turnirdə uğurla çıxış edib.

RAGB idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, Moskva Hökumətinin Moskva Milliyyətlər Evinin mini futbol üzrə keçirdiyi yeddinci millətlərarası turnir Rusiya paytaxtında baş tutub. Yarışlarda müxtəlif etnik qrupları təmsil edən 12 komanda iştirak edib. RAGB komandası bu turnirdə ikinci dəfədir ki, çıxış edir.

Emin Hacıyev qeyd edib ki, RAGB-in sədri Leyla Əliyeva azərbaycanlı gənclərin regional və ümumrusiya səviyyələrində təhsil, yaradıcılıq və idman tədbirlərində iştirakını fəal surətdə dəstəkləyir. Müxtəlif tədbirlərdə birgə iştirak ayrı-ayrı xalqlara mənsub olan gəncləri daha da yaxınlaşdırır və onların çoxmillətli Rusiya cəmiyyətinə inteqrasiyasına kömək edir.
RAGB komandası qrup matçlarında keçirilən oyunlarda uğurlar qazanıb və pley-off mərhələsinə çıxıb. Gənclərimiz dörddəbir finalda Moskvanın erməni gənclər assosiasiyasının komandası ilə görüşüblər və parlaq, mükəmməl oyun nümayiş etdirərək rəqib üzərində 2:0 hesabı ilə qələbə qazanıblar. Turnirin nəticələrinə görə, komandamız üçüncü və dördüncü yerləri bölüşüb. Yarışların təşkilatçıları RAGB komandasının oyunçularına yüksək ustalığa, azarkeşlər qrupuna isə fəal dəstəyinə görə təşəkkürünü bildiriblər.

AZƏRTAC

Xəbər 761 dəfə oxundu.