“Bankçılar” 4 futbolçu ilə anlaşmanı yeniləyib
“İnter” 4 futbolçu ilə yeni müqavilə imzalayıb. İdman.com.az saytının məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək komanda gürcü legionerlər – qapıçı Georgi Lomaya, müdafiəçi İlya Kandelaki və hücumçu Baçana Sxadadze ilə yanaşı, orta sahə oyunçusu Samir Zərgərovla başa çatan anlaşmanı yeniləyib.

Bundan əlavə, “Simurq”da icarə əsasında oynayan müdafiəçi Rüstəm Abbasovun da “İnter”ə qayıdacağı gözlənilir. Yeri gəlmişkən, qışda Rüstəm kimi Zaqatala klubuna icarəyə verilərək, son 5 ayı orada keçirən qapıçı Dmitri Kramarenko və müdafiəçi Ruslan Poladovla müqavilənin müddəti uzadılmayıb.

“Bankçılar” 4 legioner – latviyalı Girts Karlsons, braziliyalı Danillo Assioli, çexiyalı Bronislav Çervenka və bolqar Enyo Krastovçev ilə yollarını ayırdığı rəsmən açıqlayıb. Bununla yanaşı, klubu daha bir neçə futbolçunun tərk edəcəyi də istisna olunmur.

Müdafiəçilər - Xəyal Mustafayevlə çexiyalı Peter Xrappan onlar sırasındadır. Hazırda komanda müqavilə müddəti başa çatmış digər futbolçuları ilə danışıqlar aparılır.

Xəbər 916 dəfə oxundu.