“Qəbələ”nin UEFA Gənclər Liqasının Çempionlar yolundakı rəqibləri müəyyənləşib
Sentyabrın 3-də UEFA Gənclər Liqasının Çempionlar yolunun ilk iki mərhələsinin püşkatma mərasimi keçirilib. “Qəbələ”nin bu yarışdakı rəqibləri müəyyənləşib.

Gənclər Liqasında Azərbaycan çempionu olan “qırmızı-qaralar” qitə miqyaslı klub turnirində 3-cü dəfə mübarizə aparacaqlar.

Komandamız Çempionlar yolunun birinci mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. İlk oyun oktyabrın 2-də, cavab matçı 23-də keçiriləcək. Komandamız ilk matçın ev sahibi olacaq.

Bu cütün qalibi ikinci mərhələdə “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) oyununun güclüsü ilə qarşılaşacaq. Bu raundun görüşləri noyabrın 6-da və 27-də baş tutacaq. “Qırmızı-qaralar” ilk turu keçsə, ikinci raunda səfərdə başlayacaqlar.
Xatırladaq ki, “Qəbələ” 2016/2017-ci il mövsümündə birinci mərhələdə “Dinamo” (Moskva, Rusiya) ilə görüşüb və iki oyunun nəticəsində mübarizəni dayandırıb – 0:2, 0:5. 2018/2019-cu il mövsümündə “Şerif”ə (Moldova) qalib gələn (1:1, 3:1) komandamız “Herta” (Almaniya) səddini keçə bilməyib – 1:3, 0:1.

Xəbər 727 dəfə oxundu.