“Sərhədçi” İdman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü qeyd olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbrikini tədbir iştirakçılarına çatdırıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü ərəfəsinə təsadüf edən tədbirdə ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, idman sahəsində də böyük zirvələrin fəth edildiyi qeyd olunub.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2009-cu il avqustun 31-də açılışını etdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan verməsini, sərhədçi idmançıların İdman Olimpiya Mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində beynəlxalq və yerli yarışlarda 1254 qızıl, 835 gümüş, 977 bürünc medal qazanmalarını xüsusi vurğulayıblar.

Tədbirdə xidmət zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılıb. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin Nümunəvi Hərbi Orkestrinin konsert proqramı və idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

Xəbər 846 dəfə oxundu.